Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
3 Fevral , 2021

 Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşa şəhərində anadan olmuşdur. Şuşa və Bakı məktəblərində oxumuş, bakılı milyonçu, sahibkar Murtuza Muxtarovun təşəbbüsü və maddi dəstəyi ilə Peterburq Universitetində hüquq fakültəsində bir il təhsil almış və Fransaya gedərək Sorbonna Universitetində siyasi biliklər fakültəsində ali təhsilini davam etdirmiş, ərəb, fars, qədim türk, alman, fransız dillərini və mədəniyyətlərini dərindən öyrənmişdir Gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini “Dağıstanlı”, “Ceyhun Dağıstanlı”, “Azəri” kimi imzalarla dərc etdirmişdir. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamışdır. Onun “Pristav Ağa” felyetonu “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci saylarında “Daqestanski” imzası ilə çap olunmuşdur. 1910-cu ildə “Hacı Kərim” povestini yazmış və 1911-ci ildə kitab şəklində çap etdirmişdir. Lakin həmin povestdən sonra uzun müddət yaradıcılıqdan uzaqlaşmışdır. 1918-1919-cu illərdə fəal publisist kimi çalışmış, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktoru olmuşdur. C.Hacıbəyli S.Ə.Nəbati, M.F.Axundov, M.Ə.Sabir, A.Divanbəyoğlu, H.B. Zərdabi, Ə.B.Haqverdiyev, N.B. Vəzirov kimi Azərbaycan klassiklərinin və onun müasirləri olan türk şairi Tofiq Fikrət, tatar şairi Abdulla Tukay yaradıcılığına həsr etdiyi onlarla elmipublisistik məqalənin müəllifidir. Mühacirətdən əvvəl “Bakı”, “Azərbaycan”, “Kaspi”, “Proqress”, “İrşad”, “Tərəqqi”, “Russkaya molva” (Peterburq) və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C.Hacıbəyli 1917-ci ildə “Известия”, “İttihat” və “Azərbaycan” (rus dilində), sonralar “Müsəlman milli komitəsinin əxbarı” qəzetlərinin redaktoru olmuşdur. 1920-ci ildə Azərbaycanda keçmiş Sovet hakimiyyəti qurulandan sonra Fransaya mühacirət etmiş, ömrünün sonlarınadək orada yaşamışdır. Yaradıcılığında tərcüməçiliyə geniş yer verən Ceyhun Hacıbəyli mühacirətdə xeyli gözəl əsərlərimizi fransız, ingilis dillərinə çevirmişdir. Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” komediyası məhz Ceyhun bəyin tərcüməsində 1925-ci il iyun ayının 4-də Parisin “Femino” teatrında səhnəyə qoyulmuşdur. Fransız oxucularına H.Cavid, C.Cabbarlı kimi şair-dramaturqlarımızı da C.Hacıbəyli tanıtmışdır. Parisdə “Qafqaz”, “Azərbaycan”, Münhendə “Azərbaycan” jurnallarının təsisində və nəşrində böyük rolu olmuşdur. Bir çox əsərin, o cümlədən “Azərbaycan mətbuatının tarixi”, “Qarabağ dialekti və folklor”, “Azərbaycanda antiislam təbliğatı və onun metodları” və s. əsərlərin müəllifidir. C.Hacıbəyli “Azadlıq” radiostansiyasının fəaliyyətində yaxından iştirak etmiş, Münhendə SSRİ-ni Öyrənən Universitetin müxbir üzvü seçilmişdir. Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və SenKulu qəbiristanlığında dəfn edilmişdir