Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
18 Fevral , 2021
18.02 2021-ci il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  uşaq şöbəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dilimizi sevək və qoruyaq." adlı  videokonfrans keçirildi. Tədbirdə kitabxananın əməkdaşları və fəal oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə rayon MKS-nin mərkəzi kitabxanasının direktoru Saməddin Nəsirov açaraq iştirakçıları Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik etdi və qeyd etdi ki, Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər kəs öz ana dilini bilməli və onu qorumalıdır. Sonra MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova çıxış edərək bildirdi ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun təbliği, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.  Daha sonra kitabxananın əməkdaşı Pərvanə Eyvazova ana dilimizin tarixindən bəhs edərək qeyd etdi ki, tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Azərbaycan dili öz qramatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Tədbirdə fəal oxuculardan Ülvi Məmmədov, Simuzər Səfərova, Şəms Bağırzadə, Həlimə Sultanova, İmam Əlirzayev, Yusif Məmmədov, Zəhra Səmədova və başqaları ana dilinə həsr olunmuş şeirlər söylədilər. Sonda "Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş video çarx nümayiş etdirildi.
Foto Qalereya