29 Mart , 2021
29.03.2021-ci
il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin mərkəzi kitabxanasının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı
ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “İnsanlığa sığmayan
cinayət" adlı onlayn tədbir keçirildi. Tədbirdə Mərkəzi kitabxananın
əməkdaşları, Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları və fəal oxucular
iştirak edirdi. Əvvəlcə Soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı, suverenliyi
uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Daha sonra “Qan yaddaşı 1918-ci ilin mart qırğınları"
adlı videoçarx nümayiş etdirildi.
MKS-nin direktoru Saməddin Nəsirov onlayn tədbirdə çıxış edərək bildirdi
ki, zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir. Getdikcə
gücləndirilən və xalqımızı ağır məhrumiyyətlərə məruz qoyan bu məkirli və
qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları
tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qırğınlara məruz
qalmışlar. Sonra Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarixçi alim
Rəxşəndə xanım Bayramova çıxış edərək qeyd etdi ki, 1918-ci ildə ermənilərin
Azərbaycan xalqına qarşı törətdikləri amansız soyqırımı hadisələrindən biri də
Quba faciəsidir. Quba qırğınları Bakı, Şamaxı qətlianlarının davamı idi. Tədbirdə
Quba Soyqırımı Memorial Kompleksinin elmi araşdırmalar şöbəsinin müdiri Lətafət
Beybudova çıxış edərək bildirdi ki,1918-ci ildə Bakıda və Azərbaycanın digər
bölgələrində ermənilərin törətdikləri qırğınlardan bir əsr ötməsinə baxmayaraq
bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Daha sonra mərkəzi
kitabxananın əməkdaşı Talehə Dəmirova çıxış edərək qeyd etdi ki, 1918-ci ildə
erməni vandalları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət
abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır,
memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər.
Foto Qalereya