Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
7 Aprel , 2021

Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin” 1906-cı il aprel ayının 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşrə başlamışdır. XX əsrin əvvəllərində Rusiya və Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəlmiş jurnal müəyyən fasilələrlə iyirmi beş il çap olunmuşdur. Əvvəlcə Tiflisdə (370 nömrəsi), az bir müddət Təbrizdə (8 nömrəsi), sonra isə Bakıda (390 nömrəsi) fəaliyyət göstərmişdir. Jurnalın redaktoru böyük ədib, görkəmli satirik publisist Cəlil Məmmədquluzadə olmuşdur. Həftədə bir dəfə hər sayı 8 səhifə həcmində nəşr olunan rəngli və şəkilli satira jurnalında ictimai bəlaların tənqid və ifşası əsas yer tuturdu. Dövrün ziyalıları jurnal vasitəsilə cəmiyyətdəki kəsirləri açıb göstərməklə doğma xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl, mədəni xalqları sırasına çıxarmaq istəyirdilər. Jurnalın “Molla Nəsrəddin” adlandırılması həmişə zülmə, nadanlığa, haqsızlığa gülmüş, güldürmüş, düşündürmüş şifahi xalq ədəbiyyatı qəhrəmanı Molla Nəsrəddinin adı ilə bağlıdır. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyini bəyan edir, onu güldürür, düşündürür, həm də yol göstərir. Jurnal ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atılmış, bütün fəaliyyəti dövründə dil haqqında müxtəlif janrlarda saysızhesabsız əsərlər çap olunmuşdur. “Molla Nəsrəddin”də atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyihallar, lüğətlər, bir para hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla janrlardan istifadə edilmişdir. Bir neçə qələm sahibi-poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir, ictimai tərəqqi yolunu maarif və mətbuatın inkişafında görən ziyalı Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və s. ziyalılar “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edirdilər. “Molla Nəsrəddin”in yaradıcı heyətində realist rəssamların da çox böyük rolu olmuş, jurnalın dərin məzmunlu karikaturalarını Rötter, Şmerlinq, Ə.Əzimzadə çəkmiş, Təbriz nömrələrinin rəssamı isə Əli Behzad olmuşdur. Molla Nəsrəddin jurnalı təkcə Azərbaycanda, Qafqazda və Rusiyada deyil, Asiya və Afrikanın, Şərqi Avropanın bir çox mərkəzlərində, Daşkənddə, Aşqabadda, Həştərxanda, Ufada, Səmərqənddə, Tehranda, İstanbul, Qahirə və s. yerlərdə yayılmış, onun müxtəlif millətlərdən milyonlarla oxucuları olmuşdur. Jurnalın tarixi dövrü, üslub və sənətkarlıq xüsusiyyətləri, fikirlərə, ağıllara təsiri ilə bir çox şərqşünas alimlər maraqlanmış, jurnal haqqında məqalələr, tədqiqat əsərləri yazmışlar. “Molla Nəsrəddin” jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”, “Azərbaycan”, “Kirpi”, “Zənbur”, “Mirat”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” və digər satirik jurnallar dərc olunurdu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuşdur.