Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
17 Mart , 2022

        Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz "təzə il" deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır  ki, bu bayramı  təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğalı və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb;

 Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub;  Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”; - Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir;

- Səməni xonçası. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmənin süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir;Xalqı birləşdirən bayram şənlikləri,Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir.Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.