Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Xəbərlər
12 Sentyabr , 2022

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı  İbrahimxəlil xanın      nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. 1797-ci ilin iyun ayında İran hökmdarı   Ağaməhəmməd şah qaçar,  Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.

Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y. V. Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış   Azərbaycan Demokratik Cümhuriyyətinin       Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və  Firdovsi   ilə Füzulin çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düşdükdən sonra Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasinda dərman düzəldən həkim) edir. Yusif Vəzir ilk əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa realnı məktəbə tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.Şuşa realnı məktəbının yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı Əbülhəsən nümunəvi tələbə olduğu üçün Yusifin də realnı məktəbdə yaxşı tələbə olmasına çalışırdı. Lakin Əbülhəsən istədiyi kimi ona müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltaraşların tərcümeyi-halına diqqət yetirərdi.