Quba rayon Mərkəzi kitabxanası

Quba rayon MKS
Tədbirlər
8 Fevral , 2019

08.02.2019-cu il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq artisti, kinorejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kino salnaməmizin Tofiq Tağızadə zirvəsi” adlı tədbir keçirildi. Tədbiri MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova açaraq bildirdi ki, bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndələrindən olan Tofiq Tağızadənin xatirə günüdür. Məruzəçi  bildirdi ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayaraq  milli kino tariximizə yeni səhifələr yazıb. Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən sənətkar çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Tədbirə dəvət olunmuş rayon ziyalısı, kitabxananın fəal oxucusu Ədil Cəfərov Tofiq Tağızadənin filmləri haqqında söhbət açaraq qeyd etmişdir ki, onun ilk ekran əsəri 1955-ci ildə çəkdiyi “Görüş” filmidir. İlk işindən ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş vermişdir. Bundan sonra Tofiq Tağızadə müxtəlif illərdə “Əsl dost”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “Babamızın babasının babası” və digər filmləri çəkmişdir. “Uzaq sahillərdə” və “Yeddi oğul istərəm” filmlərini çəkmək  o dövr üçün cəsarətli addım idi. Sonra kitabxananın əməkdaşı Zəmirə İskəndərova çıxış edərək qeyd etdi ki, Tofiq Tağızadə uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında əvəzsiz xidmət göstərmişdir. Kinemotoqrafçılar İttifaqında katib vəzifəsində işləmiş, dəfələrlə Azərbaycanın və keçmiş Sovetlər birliyinin deputatı kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Tədbirin sonunda görkəmli sənətkara həsr olunmuş slayd nümayiş olundu.

Foto Qalereya